Prezident yeni səfirləri qəbul etdi - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 17-də Braziliya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bernard Jorj Leopold de Qarsia Klinqli qəbul edib.

Telexeber.az xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim etdi.

Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Dövlət başçısı ikitərəfli münasibətlərimizin inkişafından məmnunluğunu bildirərək, siyasi, iqtisadi-ticari, sərmayələr, turizm sahələrində əməkdaşlığın genişləndirilməsinin və müxtəlif səviyyələrdə təmasların artırılmasının əhəmiyyətini vurğuladı.

Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzuladı, onun fəaliyyətinin Azərbaycan-Braziliya əlaqələrinin inkişafına töhfə verəcəyinə ümidvarlığını bildirdi.

Ölkəmizə səfir təyin olunmasından və dövlət başçısı ilə görüşdən şərəf hissi duyduğunu deyən Bernard Jorj Leopold de Qarsia Klinql diplomatik əlaqələrimizin yüksək səviyyədə olduğunu qeyd etdi.

Səfir Azərbaycanın və Braziliyanın COP sahəsində də uğurlu əməkdaşlıq etdiklərini vurğuladı.

Bernard Jorj Leopold de Qarsia Klinql səfir kimi ikitərəfli münasibətlərimizin genişləndirilməsinə töhfə verəcəyini dedi.

Görüşdə Azərbaycanla Braziliya arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın uğurla aparıldığı qeyd edildi, hər iki dövlətin çoxtərəfli diplomatiyanı dəstəklədiyi xüsusilə vurğulandı.

***

Prezident İlham Əliyev Kamboca Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sok Çeanı qəbul edib.

Səfir etimadnaməsini dövlət başçısına təqdim etdi.

Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Dövlət başçısı ölkəmizin Kamboca ilə ikitərəfli münasibətlərə və qarşılıqlı dəstəyə, həmçinin hökumətlərimiz və hakim partiyalar səviyyələrində təmaslara böyük önəm verdiyini deyərək, yalnız siyasi deyil, eyni zamanda, iqtisadiyyat, investisiyalar sahələrində əlaqələrimizi daha yüksək səviyyəyə çatdırmağın önəminə toxundu, Azərbaycanla Kambocanın dost ölkələr olduğunu bildirdi.

Qəbula görə dövlət başçısına təşəkkürünü ifadə edən səfir Kambocanın Kralı Norodom Sihamoninin və Baş naziri Hun Manetin salamlarını Prezident İlham Əliyevə çatdırdı.

Dövlət başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Kambocanın Kralına və Baş nazirinə çatdırmağı xahiş etdi.

Səfir Kambocanın Azərbaycanla dost münasibətlərə yüksək dəyər verdiyini vurğuladı. O, ölkələrimizin coğrafi baxımdan bir-birindən uzaqda yerləşməsinə baxmayaraq, Azərbaycan və Kambocanın dayanıqlı inkişaf, beynəlxalq sülh və sabitlik məsələlərində eyni mövqedən çıxış etdiklərini dedi.

İkitərəfli əməkdaşlığın möhkəmləndirilməsi üçün yaxşı potensialın olduğunu qeyd edən səfir ticarət, turizm, mədəniyyət, xalqlarası təmaslar sahələrində münasibətlərimizin genişəndirilməsi üçün səylərini əsirgəməcəyini vurğuladı.

Görüşdə Azərbaycanın və Kambocanın beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığından məmnunluq bildirildi.

Kambocanın Baş nazirin ölkəmizə gözlənilən səfərinin ikitərəfli əlaqələrimizin daha da inkişafı üçün yaxşı imkan yaradacağına ümidvarlıq ifadə olundu.

***


Prezident İlham Əliyev iyulun 17-də Oman Sultanlığının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Saif Raşid Saif Al Cahvarini qəbul edib.

Səfir etimadnaməsini dövlət başçısına təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı dost ölkələr arasında münasibətlərin uğurlu inkişafından məmnunluğunu bildirərək, bir çox sahədə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın həyata keçirildiyini deyib və tərəfdaşlığın möhkəmləndirməsi üçün yaxşı imkanların olduğunu vurğulayıb.

Səfirə fəaliyyətində uğurlar arzulayan Prezident İlham Əliyev onun ikitərəfli gündəliyin müxtəlif sahələri üzrə əməkdaşlığın dərinləşdirilməsinə töhfə verəcəyinə ümidvarlığını bildirib.

Azərbaycana səfir təyin olunmasından məmnunluğunu ifadə edən Saif Raşid Saif Al Cahvari Oman Sultanı Heytəm bin Tariq Al Səidin salamlarını dövlət başçısına çatdıraraq deyib ki, Oman Sultanı Prezident İlham Əliyevə möhkəm cansağlığı, ölkəyə isə yeni uğurlar arzulayır.

Prezident İlham Əliyev xoş sözlərə və salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Oman Sultanına çatdırmağı xahiş edib.

Səfir bu günlərdə diplomatik münasibətlərin 35 illiyinin qeyd olunmasının önəmini vurğulayıb.

O, Leyla Əliyevanın bu ilin əvvəlində Omana səfərini xatırladaraq, həmin səfər zamanı keçirilmiş görüşlərin və aparılmış müzakirələrin əhəmiyyətinə toxunub, bütün bunların ikitərəfli əlaqələrimizin inkişafına mühüm töhfə verdiyini deyib.

Söhbət zamanı Azərbaycanla Oman arasında turizm sahəsində əməkdaşlıq qeyd edilib, birgə investisiya fondunun yaradıldığı bildirilib və gələcəkdə onun maliyyə imkanlarının artırılması perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

***

Prezident İlham Əliyev iyulun 17-də İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kler Brosnanı qəbul edib.

Səfir etimadnaməsini dövlət başçısına təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı ölkələr arasında münasibətləri genişləndirməyin əhəmiyyətini qeyd edərək, siyasi sahə ilə yanaşı, investisiyalar və digər potensial istiqamətlər üzrə əməkdaşlığı möhkəmləndirmək üçün imkanlara toxunub.

Bakıda olmaqdan şərəf hissi keçirdiyini deyən səfir paytaxtın gözəlliyinin və burada tarixi ənənələrlə müasirliyin vəhdətinin onlarda zəngin təəssüratlar yaratdığını bildirib, Azərbaycanın gözəl ölkə olduğunu vurğulayıb.

Səfir Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə əlaqədar əldə olunmuş nailiyyətlər münasibətilə dövlət başçısını bir daha təbrik edib.

Kler Brosnan hazırda İrlandiyanın Avropa İttifaqına sədrlik funksiyasını yerinə yetirdiyini deyərək, Azərbaycanla bu qurum arasında əlaqələrin inkişafını dəstəklədiyini bildirib.

O, həmçinin İrlandiyanın "Avropa Siyasi Birliyi"nin növbəti Zirvə Görüşünə ev sahibliyi edəcəyini deyib.

Kler Brosnan COP29-da iştirakını xatırlayaraq, Azərbaycanın bu tədbirə uğurla ev sahibliyi etdiyini, onun yüksək səviyyədə təşkil olunduğunu və COP29-da yaxşı nəticələrin əldə edildiyini vurğulayıb.

Dövlət başçısı da öz növbəsində COP29 çərçivəsində qlobal yaşıl gündəliklə bağlı Azərbaycan tərəfindən bir sıra təşəbbüslərin irəli sürüldüyü deyərək, ölkədə bu istiqamətdə görülən işlərə toxunub.

Söhbət zamanı Azərbaycanla İrlandiya arasında təhsil, yüksək texnologiyalar sahələrində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Популярный ролик