
Abşeron rayonunun təhsil ocaqları sırasında öz uğurları, tədris keyfiyyəti və nümunəvi fəaliyyəti ilə seçilən Xırdalan şəhər 2 nömrəli tam orta məktəb növbəti dəfə möhtəşəm “Son Zəng” tədbiri ilə diqqət mərkəzinə düşüb.
Məktəbdə keçirilən tədbir yüksək təşkilatçılığı, vətənpərvərlik ruhu, milli dəyərlərə bağlılığı və məzunlara göstərilən xüsusi diqqət ilə yadda qalıb. Dövlət Himninin səsləndirilməsi, şagirdlərin hazırladıqları musiqili-bədii kompozisiyalar, müəllim və valideynlərin duyğulu çıxışları tədbirə xüsusi rəng qatıb.

Tədbirdə çıxış edən məktəbin direktoru Gülnaz müəllimə məzunları təbrik edərək onların gələcək həyatlarında uğurlar qazanacaqlarına əmin olduğunu bildirib. Direktor qeyd edib ki, məktəbin əsas məqsədi yalnız savadlı deyil, həm də vətəninə, dövlətinə və xalqına bağlı gənclər yetişdirməkdir.
Məktəbin müəllim kollektivi də uzun illər ərzində göstərdiyi fədakar fəaliyyəti ilə seçilir. Şagirdlərin bilik və bacarıqlarının formalaşmasında, onların ali məktəblərə qəbulunda və müxtəlif müsabiqələrdə uğurlar qazanmasında müəllimlərin əməyi danılmazdır. Bu gün məzun olan gənclərin hər birinin uğurunda müəllimlərin zəhməti, səbr və qayğısı xüsusi yer tutur.
Valideynlər də çıxışlarında məktəbin rəhbərliyinə və pedaqoji kollektivə təşəkkürlərini ifadə edərək, övladlarının təhsil və tərbiyəsində göstərilən diqqəti yüksək qiymətləndiriblər. Qeyd olunub ki, məktəbdə yaradılan sağlam təhsil mühiti şagirdlərin hərtərəfli inkişafına mühüm töhfə verir.
“Son Zəng” tədbiri bir daha göstərdi ki, Xırdalan şəhər 2 nömrəli tam orta məktəbi yalnız təhsil verməklə kifayətlənmir, həm də gələcəyin layiqli vətəndaşlarını formalaşdıran nüfuzlu təhsil müəssisələrindən biridir.
Sonda məzunlar müəllimləri ilə xatirə şəkilləri çəkdirib, məktəb illərinin unudulmaz anlarını bir daha yada salıblar. Onlar üçün səslənən son zəng isə məktəb həyatının başa çatdığını, yeni uğurlar və böyük hədəflərə aparan yolun başlanğıcını simvolizə edib.
Telexeber.az kollektivi olaraq Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin rəhbərliyini, direktor Gülnaz müəlliməni, bütün pedaqoji kollektivi, məzunları və valideynləri təbrik edir, gənclərimizə gələcək həyatlarında yeni nailiyyətlər arzulayırıq.














