Elm və Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrində şagird davranış qaydaları və valideyn-məktəb ünsiyyətinin tənzimlənməsi ilə bağlı çərçivəni müəyyən edən sənədlər hazrılanıb.
Telexeber.az Nazirliyə istinadən xəbər verir ki, “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” və “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat” adlanan hər iki sənəd hazırlanarkən şagirdlər, müəllimlər, o cümlədən valideynlər arasında keçirilən sorğuların nəticələri nəzərə alınıb, beynəlxalq və özəl təhsil müəssisələrinin təcrübələri araşdırılıb.
Sənədlərin hazırlanması prosesinə təcrübəli məktəb direktorları və müəllimlər, özəl təhsil müəssisələrinin nümayəndələri, yerli və beynəlxalq mütəxəssislər cəlb olunublar.
Sənədlər bu gündən etibarən 2 həftə ərzində ictimai müzakirəyə çıxarılır. Toplanmış rəy və təkliflər nəzərə alınaraq sənədlərin son versiyası hazırlanacaq, 2023-cü ilin əvvəlindən etibarən isə tətbiqinə start veriləcək.
Sənədlərlə bağlı rəy və təkliflərinizi
[email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.
Qeyd edək ki, 2021-2022-ci tədris ili ərzində 100-dən çox ümumi təhsil müəssisəsində aparılmış keyfiyyət monitorinqlərinin nəticələrinin təhlili məktəb proseslərinin tənzimlənməsi ilə bağlı bir sıra prosedurların yenilənməli və ya təkrar hazırlanmalı olduğunu bir daha göstərdi. O cümlədən, şagird davranışının və valideyn-məktəb ünsiyyətinin tənzimlənməsi ilə bağlı qaydaların yenidən işlənməsinə ciddi zərurət yaratdı.