
Sumqayıt, Xızı və Abşeron ərazisində ekoloji nəzarəti həyata keçirməli olan 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi son dövrlər artan narazılıqların hədəfinə çevrilib. İdarəyə rəhbərlik edən Asif Məcidov haqqında müxtəlif iddialar və tənqidi fikirlər ictimaiyyət arasında geniş müzakirə olunur.
Telexeber.az-a daxil olan məlumatlara görə, xüsusilə Abşeron rayonunda və Xırdalan şəhərində yaşıllıqların taleyi ciddi narahatlıq doğurur. Vaxtilə ağacların kəsilərək yerində müxtəlif obyektlərin tikildiyi iddia edilirdisə, indi daha fərqli üsula əl atıldığı bildirilir. Belə ki, sakinlərin sözlərinə görə, tikinti aparılan ərazilərdə ağaclar formal olaraq saxlanılır, lakin kök sistemi beton, hasar və tikinti konstruksiyalarının içərisində qalaraq faktiki məhv edilir.
Ən çox narazılıq doğuran məqamlardan biri isə Xırdalan şəhərində yerləşən və ölkənin ümummilli liderinin adını daşıyan Heydər Əliyev Parkı ətrafında baş verən proseslərlə bağlıdır. İddialara görə, vaxtilə istirahət və yaşıllıq məkanı kimi nəzərdə tutulan ərazi mərhələli şəkildə tikinti poliqonuna çevrilib. Sakinlər hesab edir ki, park ərazisində aparılan tikinti işləri nəticəsində yaşıllıqların təbii inkişafı mümkünsüz hala gətirilir.
Maraqlıdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi sənədlərində 4 saylı idarənin əsas vəzifələri sırasında yaşıllıqların mühafizəsi, ekoloji nəzarət və qanun pozuntularının qarşısının alınması xüsusi qeyd olunur. Lakin vətəndaşlar sual edir: əgər nəzarət mexanizmi işləyirsə, niyə eyni problemlər illərdir təkrarlanır?
Qeyd edək ki, son illərdə Sumqayıt və ətraf ərazilərdə ağacların qanunsuz çıxarılması və kəsilməsi ilə bağlı müxtəlif faktlar aşkarlanıb, bəzi hallarda cərimələr tətbiq olunduğu açıqlanıb. Buna baxmayaraq, sakinlər hesab edir ki, görülən tədbirlər problemin köklü həllinə deyil, yalnız ictimai narazılığı müvəqqəti səngitməyə xidmət edir.
İctimaiyyət arasında səslənən əsas sual isə dəyişməz qalır: Abşeronun onsuz da məhdud olan yaşıllıq fondu göz önündə azalarkən, buna cavabdeh qurumların fəaliyyəti niyə ciddi şəkildə araşdırılmır? Təbiətin beton və daş arasında sıxışdırıldığı bir vaxtda ekoloji nəzarət haradadır?
Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.