5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi son günlər yenidən ictimai müzakirələrin mərkəzinə düşüb. Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarını əhatə edən regionda çay yataqlarından qum, çınqıl və digər materialların daşınması ilə bağlı çoxsaylı videogörüntülər yayılmasına baxmayaraq, aidiyyəti qurumun fəaliyyəti sual altında qalır.
Telexeber.az-ın “YouTube” səhifəsində yayımlanan fakt videolarda ağır tonnajlı maşınların çay yataqlarından material daşıdığı, təbiətə müdaxilə edildiyi və kənd yollarının yararsız hala salındığı açıq şəkildə görünür. Lakin bütün bu görüntülərə baxmayaraq, ortada ciddi tədbir və ya prinsipial mövqe müşahidə edilmir.
İddialara görə, bu fəaliyyətlərin arxasında müəyyən iş adamları və karxana sahibləri dayanır. Telexeber.az-a etibarlı mənbələrdən verilən məlumatlarda bildirilir ki, illərdir davam edən bu prosesə faktiki olaraq göz yumulur.
Sosial şəbəkələrdə və ictimai müzakirələrdə əsas narazılıq isə Elnur Cəlilov ilə bağlıdır. Vətəndaşlar hesab edir ki, rəhbərlik etdiyi regionlarda ekoloji problemlər açıq şəkildə müşahidə olunsa da, real nəzarət və nəticə görünmür.
Cəmiyyət arasında belə bir fikir formalaşıb ki, bu cür hallara səssiz qalmaq dövlətə və millətə xidmət deyil, şəxsi maraqlara xidmət kimi qiymətləndirilə bilər. Çünki yayımlanan videogörüntülər artıq təkcə sosial şəbəkə paylaşımı yox, ictimai narahatlıq doğuran faktlar kimi qəbul edilir.
Ən düşündürücü məqam isə budur: niyə aidiyyəti qurumlar yalnız məsələ ictimailəşəndən sonra hərəkətə keçirmiş kimi görünür? Niyə illərlə davam etdiyi iddia olunan proseslərə vaxtında reaksiya verilmir?
Telexeber.az olaraq ümid edirik ki, məsələ ilə bağlı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən araşdırma aparılar və ictimaiyyətin narahatlığına aydınlıq gətirilər.