Ukraynaya hərbi dəstək artırılır - NATO
Facebook
Вконтакте
Одноклассники
Google+

Ankarada keçirilən NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Sammitinin yekun sənədində Alyansın kollektiv müdafiə öhdəlikləri, Ukraynaya dəstəyin davam etdirilməsi və İranın nüvə proqramı ilə bağlı mövqeyi bir daha təsdiqlənib.
Telexeber.az xəbər verir ki, sammitin yekun Bəyannaməsinə əsasən, NATO ölkələri ümumi dəyəri 50 milyard ABŞ dollarını ötən yeni müdafiə müqavilələri bağlayıblar. Sənəddə vurğulanır ki, müdafiə sənayesinin gücləndirilməsi, üzv dövlətlər arasında hərbi-texniki əməkdaşlığın genişləndirilməsi və müdafiə ticarətində mövcud maneələrin aradan qaldırılması Alyansın əsas prioritetləri sırasındadır.
Bəyannamədə NATO-nun kollektiv müdafiə prinsipinin dəyişməz qaldığı qeyd olunub. Bildirilib ki, üzv dövlətlərdən birinə qarşı yönələn istənilən hücum bütün Alyansa qarşı hücum kimi qiymətləndiriləcək və təşkilatın təhlükəsizlik strategiyası nüvə, adi silahlar, raketdən müdafiə sistemləri, eləcə də kosmik və kiberməkandakı imkanların uzlaşdırılmasına əsaslanacaq.
Sənəddə Ukraynaya dəstək məsələsinə də geniş yer ayrılıb. NATO ölkələri Kiyevin suverenliyi və ərazi bütövlüyünə dəstəklərini bir daha ifadə edərək, 2026-cı il ərzində Ukraynaya ümumilikdə 70 milyard avro dəyərində hərbi yardım, avadanlıq və təlim dəstəyi göstərməyi planlaşdırdıqlarını açıqlayıblar.
İranla bağlı bölmədə isə Alyans üzvləri Tehranın nüvə silahı əldə etməsinin qəbuledilməz olduğunu vurğulayıb. Bununla yanaşı, İran Hörmüz boğazında beynəlxalq gəmiçiliyin təhlükəsizliyini və sərbəst hərəkətini təmin etməyə çağırılıb.