Sel fəlakətə çevrildi - 51 nəfər həlak oldu

Banqladeşdə son günlər yağan güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 51 nəfər həyatını itirib, 1 milyondan çox insan isə təbii fəlakətdən zərər çəkib.



Telexeber.az xarici mediaya istinadən xəbər verir ki, paytaxt Dəkkə də daxil olmaqla ölkənin geniş ərazilərində baş verən qəfil daşqınlar və torpaq sürüşmələri minlərlə insanın evsiz qalmasına səbəb olub.

Çoxsaylı çayların yerləşdiyi və dəniz səviyyəsindən alçaq ərazilərə malik Banqladeşdə hər il musson mövsümündə güclü yağışlar və daşqınlar müşahidə olunur. Lakin mütəxəssislər iqlim dəyişikliyi nəticəsində bu hadisələrin daha intensiv və daha tez-tez baş verdiyini bildirirlər.
Bir həftədən artıqdır davam edən və son günlər daha da güclənən yağıntılar səbəbindən aidiyyəti qurumlar daşqın və torpaq sürüşməsi təhlükəsi ilə bağlı xəbərdarlıqlar yayıb. Riskli ərazilərdə yaşayan ailələr təxliyə edilib, məktəblərdə keçiriləcək imtahanlar isə təxirə salınıb. Evlərini itirən minlərlə insan hazırda dövlət tərəfindən yaradılmış müvəqqəti sığınacaqlarda qalır.

Rəsmi məlumata görə, təbii fəlakət 1 milyondan çox insana mənfi təsir göstərib.

İndiyədək qeydə alınan 51 ölüm faktından 28-i Koks-Bazar bölgəsinin payına düşür. Həmin bölgədə dünyanın ən böyük qaçqın düşərgələrindən biri yerləşir və burada 1 milyondan artıq Arakanlı (Rohinca) qaçqın məskunlaşıb
Популярный ролик