Son günlər sosial şəbəkələrdə, xüsusilə TikTok platformasında Cəlilabad rayonunun Təklə–Məlikqasımlı avtomobil yolunun vəziyyəti ilə bağlı yayılan videogörüntülər və 46 saylı Yol İstismar İdarəsinin rəisi Xudayar Rəhimovun ünvanına səsləndirilən ittihamlar geniş müzakirələrə səbəb olub.
Videoda yolun cəmi üç il ərzində yararsız hala düşdüyü iddia edilir və hətta dövlət vəsaitinin mənimsənilməsi ilə bağlı ittihamlar səsləndirilir. Lakin belə ağır ittihamlar irəli sürülərkən cəmiyyət qarşısında əsas sual yaranır: Bu iddiaları təsdiqləyən konkret sənəd, audit rəyi və ya hüquqi qərar varmı?
Məlum olduğu kimi, son günlər Cəlilabad da daxil olmaqla Azərbaycanın bir sıra bölgələrində intensiv leysan yağışları ciddi fəsadlar törədib. Sel suları yollara, körpülərə, yaşayış evlərinə və infrastruktur obyektlərinə ziyan vurub. Belə təbii hadisələrin yol örtüyünə təsir göstərməsi mümkündür və bunun səbəbi barədə yekun rəy yalnız müvafiq texniki ekspertiza nəticəsində verilə bilər.
Əldə olunan məlumata görə, sözügedən yol hissəsində yaranmış problem operativ şəkildə aradan qaldırılıb. Əraziyə texnika cəlb olunub, asfalt örtüyü yenilənib və nəqliyyatın hərəkəti bərpa edilib.
Bununla yanaşı, sosial şəbəkələrdə "külli miqdarda yeyinti" kimi ağır ifadələr işlədilməsi ciddi məsuliyyət tələb edir. Azərbaycan qanunvericiliyinə görə, korrupsiya və ya mənimsəmə ilə bağlı ittihamlar yalnız səlahiyyətli dövlət orqanlarının araşdırmaları və məhkəmə qərarları ilə təsdiq oluna bilər. Fakt və sübut olmadan bu cür iddiaların qəti həqiqət kimi təqdim edilməsi doğru yanaşma deyil.
Xudayar Rəhimovun fəaliyyəti ilə bağlı Cəlilabad sakinləri arasında müsbət fikirlər də səsləndirilir. Bildirilir ki, o, şəhid ailələrinin, qazilərin və müharibə veteranlarının müraciətlərinə həssas yanaşan rəhbərlərdən biridir.
Xüsusilə Vətən müharibəsi şəhidi gizir Nəcməddin Quliyevin son arzusu ilə bağlı yayılan video müraciət cəmiyyət tərəfindən böyük maraqla qarşılanmışdı. Nəcməddin Quliyev şəhid olmamışdan əvvəl şəhid olacağı təqdirdə hərbi qulluqçu ailəsinə verilən sığorta ödənişi hesabına Çünzəli kəndində videoda qeyd etdiyi kənddaxili yollara asfalt vurulmasını vəsiyyət etmişdi. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi tərəfindən şəhidin vəsiyyəti yerinə yetirilib. Cəlilabad rayonu “46 N-li Yol İstismarı” MMC-yə şəhid gizirin yaşadığı Çünzəli kəndinin yolunun asfaltlanması ilə bağlı tapşırıq verilib. MMC tərəfindən bir neçə saat ərzində əraziyə lazımi texnikalar və canlı qüvvə səfərbər edilib, asfaltlanma işləri icra olunaraq yekunlaşdırılıb. Çünzəli kəndində yolun qısa müddətdə təmir olunaraq asfaltlanması yerli sakinlər tərəfindən müsbət qiymətləndirilmişdi.
Mətbuat nümayəndələrinin sözlərinə görə, Xudayar Rəhimov etdiyi sosial dəstəyin və xeyriyyə işlərinin reklam olunmasını istəməyən rəhbərlərdən biri kimi tanınır. Onun əsas prinsipinin görülən işin nümayiş etdirilməsi deyil, nəticə verməsi olduğu qeyd edilir.
Telexeber.az hesab edir ki, dövlət qurumlarının fəaliyyəti ictimai nəzarətə açıq olmalıdır. Eyni zamanda, hər bir tənqid faktlara və sübutlara əsaslanmalıdır. Yolun keyfiyyəti ilə bağlı yekun qiyməti sosial şəbəkələr deyil, müstəqil ekspertiza və aidiyyəti dövlət qurumları verməlidir.
Əgər sözügedən yol layihəsində həqiqətən də hər hansı qanun pozuntusu və ya keyfiyyət problemi mövcuddursa, bunun araşdırılması və hüquqi qiymət verilməsi müvafiq qurumların səlahiyyətindədir. Əks halda, sübuta söykənməyən ittihamlar həm cəmiyyətin yanlış məlumatlandırılmasına, həm də şəxslərin nüfuzuna zərər vura bilər.