Gəncə şəhərinin müxtəlif yaşayış massivlərində yerləşən uşaq oyun meydançalarının baxımsız vəziyyətdə olması sakinlərin ciddi narazılığına səbəb olub.
Redaksiyaya daxil olan müraciətlərdə bildirilir ki, bir sıra həyətlərdə uşaqlar üçün nəzərdə tutulmuş oyun sahələri ya təyinatı üzrə istifadə edilmir, ya da təhlükəli vəziyyətə düşərək azyaşlıların sağlamlığı üçün risk yaradır.
Sakinlərin sözlərinə görə, Nəriman Nərimanov küçəsində yerləşən 32 nömrəli binanın həyətindəki uşaq meydançasında oyun qurğularından uşaqlar deyil, xalça qurutmaq üçün istifadə olunur. İddia edilir ki, atraksionlara yuyulmuş xalçalar asıldığından uşaqlar burada rahat oynaya bilmir və asudə vaxtlarını keçirmək imkanından məhrum olurlar.
Avtazavod qəsəbəsi, Süleyman Rəhimov küçəsi 9 ünvanında yerləşən uşaq meydançasında isə hələ də köhnə dəmir konstruksiyalardan ibarət atraksionlar qalmaqdadır. Paslanmış və yararsız vəziyyətdə olan oyun qurğuları uşaqların xəsarət alması riskini artırır. Ərazidə təmizlik işlərinin lazımi səviyyədə aparılmaması isə antisanitar vəziyyət yaradıb.
Oxşar mənzərə Üzeyir Hacıbəyli küçəsində, sakinlər arasında "Saxvoz Nizami" kimi tanınan yaşayış massivində də müşahidə olunur. Buradakı uşaq meydançasında sovet dövründən qalan atraksionlar artıq istismar müddətini başa vurub və istifadəyə yararsız vəziyyətə düşüb.
Sakinlər aidiyyəti qurumlardan uşaq meydançalarının təmizlənməsini, köhnə və təhlükə yaradan oyun qurğularının müasir və təhlükəsiz avadanlıqlarla əvəz edilməsini, uşaqlar üçün sağlam və təhlükəsiz oyun mühitinin yaradılmasını xahiş edirlər.
Qeyd edək ki, sözügedən problemləri əks etdirən videofaktlar Telexeber.az-ın YouTube kanalında yayımlanıb və ictimaiyyətin diqqətinə təqdim olunub. Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.