Şamaxıda dövlət vəsaitinin “duzlu qum” adı altında silinməsi ilə bağlı səsləndirilən iddialar artıq təkcə yerli müzakirə mövzusu deyil. Məsələ rəsmi səviyyəyə qaldırılıb, sənədlər təqdim olunub, sübutlar əlavə edilib. Lakin ortada hələ də bir nəticə yoxdur.
Redaksiyamız tərəfindən ünvanlanan rəsmi sorğu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Vüsal Nəsirlinin adına göndərilib və sifarişli poçt vasitəsilə çatdırılıb. Çatdırılma faktını təsdiq edən rəsmi qəbz redaksiyanın əlindədir.
Yəni məktub itib-batmayıb. Qəbul edilib.
Sorğuda Şamaxı ərazisində görülmüş işlərlə bağlı ciddi suallar qaldırılıb. Müraciətə əlavə olunub:
Video-disk
Foto materiallar
Sənədlər və digər sübut xarakterli materiallar
Xüsusilə Nazim Eynalının gördüyü işlərlə bağlı təqdim olunan materialların araşdırılması tələb edilib.
Əgər sübutlar təqdim olunubsa, araşdırma aparılmalıdır. Əgər araşdırma aparılıbsa, nəticə açıqlanmalıdır. Əgər araşdırma aparılmayıbsa, bunun səbəbi ictimaiyyətə izah olunmalıdır.
Redaksiya məsələ ilə bağlı Agentliyin mətbuat xidməti ilə əlaqə saxlamağa cəhd göstərib. Lakin zənglər cavabsız qalıb.
Burada vurğulamaq vacibdir: yayılan məqamlar təqdim olunmuş materiallara və müraciətdə əks olunan iddialara əsaslanır. Qarşı tərəfin mövqeyi təqdim olunmayıb. Rəsmi açıqlama veriləcəyi halda, olduğu kimi dərc olunacaq.
Ancaq bir sual açıq qalır:
Sübutlar masadadırsa, niyə qərar yoxdur?
Şamaxı işi artıq sadə bir müraciət mövzusu deyil. Bu, ictimai maraq doğuran məsələdir və susqunluq sualları daha da dərinləşdirir.