
Bərdə Rayon Mərkəzi Xəstəxanasının nəzdində fəaliyyət göstərən doğum evində yaşanan qalmaqal artıq rayonun əsas müzakirə mövzularından birinə çevrilib. Sosial şəbəkələrdə yayılan və geniş rezonans doğuran məlumatlara görə, doğum evində istifadə olunan tibbi aparat üstündə müəssisə daxilində ciddi qarşıdurma yaşanır.
İddialara əsasən, doğum evinin Baş həkimi Vasif Baxşəliyev həmin tibbi aparatı öz şəxsi vəsaiti hesabına alaraq müəssisəyə gətirib. Lakin sonradan aparatın doğum evinin balansında göstərilməsi və anbara yerləşdirilməsi ətrafında qalmaqal yaranıb. Məsələ böyüdükcə hüquq-mühafizə orqanlarının da prosesə cəlb olunduğu bildirilir.
Yayılan məlumatlarda direktor müavini Tünzalə Bağırovanın da bu məsələdə adının hallandığı qeyd olunur. İddialara görə, aparatın anbara qaytarılması və sənədləşmə məsələləri ətrafında tərəflər arasında ciddi gərginlik yaşanıb. Hətta bəzi mənbələr hadisənin artıq hüquqi müstəviyə daşındığını iddia edir.
Ən çox diqqət çəkən məqam isə Bərdə Rayon Mərkəzi Xəstəxanasının direktoru Vüsal Məmmədovun bütün bu proseslər fonunda səssiz qalmasıdır. Rayon sakinləri hesab edir ki, xəstəxanada yaranan özbaşınalıq və daxili qarşıdurmalar məhz rəhbərliyin zəif idarəçiliyinin nəticəsidir.
İllərdir müxtəlif narazılıqlarla gündəmə gələn Bərdə səhiyyəsində indi “aparat qalmaqalı”nın yaşanması artıq vəziyyətin nə qədər kritik həddə çatdığını göstərir. Sosial şəbəkələrdə yazılan rəylərdə vətəndaşlar xəstəxananın idarəçilik baxımından nəzarətdən çıxdığını, rəhbərliyin isə prosesləri idarə edə bilmədiyini bildirirlər.
İctimaiyyəti düşündürən əsas suallardan biri də budur: Əgər aparat Vasif Baxşəliyevin şəxsi vəsaiti hesabına alınıbsa, niyə dövlət müəssisəsinin inventarı kimi təqdim olunub? Yox əgər doğum evinə məxsusdursa, niyə bu gün onun üstündə belə qalmaqal yaşanır?
Bərdə sakinləri hesab edir ki, məsələ dərhal araşdırılmalı, doğum evində baş verən proseslərə hüquqi qiymət verilməli və günahkar şəxslər müəyyən edilməlidir. Çünki səhiyyə müəssisəsində yaşanan bu cür qalmaqallar artıq vətəndaşların dövlət xəstəxanalarına olan etimadını ciddi şəkildə sarsıdır.
İndi isə hər kəs eyni sualı verir: Bərdə xəstəxanasında həqiqətən nə baş verir və bu qarşıdurmanın arxasında hansı maraqlar dayanır?