
Azərbaycanda, xüsusilə də paytaxt Bakıdakı bəzi iri marketlərdə istifadə müddəti keçmiş məhsulların satışda olması ilə bağlı iddialar və narazılıqlar günbəgün artır. Vətəndaşların sözlərinə görə, vitrinlərdə vaxtı keçmiş məhsullara rast gəlinməsi artıq adi hala çevrilib. Ən acınacaqlı məqam isə bəzi hallarda alıcının seçim imkanının məhdud olması və məcbur şəkildə həmin məhsulları almağa yönəlməsidir.
Son illər ərzaq təhlükəsizliyi ilə bağlı səslənən narahatlıqlar təkcə marketlərlə məhdudlaşmır. İctimai iaşə obyektlərində istifadə olunan bəzi ət məhsulları barədə yayılan fikirlər də cəmiyyətdə ciddi suallar doğurur. Xüsusilə restoranlarda təqdim olunan bəzi kabab və ət yeməklərinin keyfiyyəti ilə bağlı şikayətlər artır. Vətəndaşlar iddia edir ki, xaricdən gətirilən ucuz və keyfiyyətsiz ətlərdən istifadə halları araşdırılmalıdır.
Digər diqqət çəkən məqam isə bazardakı qiymət paradoksudur. Süd və ət məhsullarının qiymətləri durmadan yüksəldiyi halda, bəzi marketlərdə pendir, qatıq, yağ, kolbasa və sosiska məhsullarının həddindən artıq ucuz satılması alıcıları düşündürür. İnsanlar haqlı olaraq sual edir: “Xammal baha olduğu halda bu məhsullar necə bu qədər ucuz satışa çıxarılır?”
Mövzu ilə bağlı Telexeber.az tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi-nə rəsmi sorğu ünvanlanıb. Lakin müəyyən müddət keçməsinə baxmayaraq, sorğu hələ də cavabsız qalıb. Bu isə ictimai narahatlığı daha da artırır.
Məsələ təkcə bir media qurumunun və ya bir neçə vətəndaşın narahatlığı deyil. Bu, xalqın sağlamlığı ilə bağlı ciddi məsələdir. Çünki keyfiyyətsiz və təhlükəli qidalar nəticə etibarilə insanları xəstəxanalara yönəldən əsas səbəblərdən birinə çevrilə bilər.
Ümid edirik ki, məsələ ictimailəşdikdən sonra aidiyyəti qurumlar vəziyyətə ciddi yanaşacaq, monitorinqlər aparılacaq və cəmiyyətə ətraflı açıqlama veriləcək. Xalq süfrəsində nə yediyini bilməli, təhlükəsiz qida ilə təmin olunmalıdır.
Telexeber.az