
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası ilə bağlı səsləndirilən iddialar artıq cəmiyyətin səbr kasasını daşırmaq üzrədir. Şəfa ümidi ilə bu ünvana üz tutan xəstələr və onların yaxınları bildirirlər ki, burada bəzi hallarda tibbi xidmətlər qeyri-rəsmi ödəniş tələbləri ilə müşayiət olunur.
İddialara görə, xüsusilə ultrasəs (UZİ) müayinələri zamanı xəstələrdən minimum 20 manat tələb edildiyi qeyd olunur. Vətəndaşların sözlərinə əsasən, bu hallar təsadüfi deyil, əksinə sistemli xarakter daşıdığı iddia edilir. Klinikada “hara müraciət edirsənsə, ödəniş istənilir” kimi fikirlər geniş yayılıb.
Xüsusilə 4-cü mərtəbə ilə bağlı səsləndirilən iddialar daha çox diqqət çəkir. Bildirilir ki, məhz bu hissədə qeyri-rəsmi ödəniş halları daha intensiv müşahidə olunur.
Ən narahatedici məqam isə odur ki, ağır xəstəliklə mübarizə aparan insanlar bu cür vəziyyətlə üz-üzə qaldıqlarını deyirlər. Onların fikrincə, artıq sual yaranır: xəstəxana şəfa ocağıdır, yoxsa qeyri-rəsmi ödənişlərin hökm sürdüyü bir məkan?
Tibb işçilərinin peşə fəaliyyətinin əsasında dayanan Hippokrat andı həkimlərdən vicdan, humanizm və xəstəyə təmənnasız yanaşma tələb edir. Lakin səsləndirilən bu iddialar fonunda cəmiyyətdə haqlı olaraq suallar yaranır: bu andın prinsiplərinə nə dərəcədə əməl olunur?
Vətəndaşlardan biri bildirir:
“Xəstə can dərdindədir, amma ondan pul tələb olunur. Bu, nə tibbdir, nə də insanlığa sığır.”
Məsələ ilə bağlı klinika rəhbərliyinin və aidiyyəti qurumların mövqeyi hələlik açıqlanmayıb. Lakin bu kimi iddiaların ciddi və şəffaf şəkildə araşdırılması artıq zərurətə çevrilib.
Əgər səsləndirilən faktlar təsdiqini taparsa, bu, yalnız bir tibb müəssisəsinin deyil, bütövlükdə səhiyyə sisteminə olan etimadın sarsılması deməkdir.
Cəmiyyət isə haqlı olaraq cavab gözləyir:
Hippokrat andı qalib gələcək, yoxsa pul?