
Bakının Binəqədi qəsəbəsində, sakinlərin “Sentralni” adlandırdığı ərazidə növbəti narahatedici mənzərə ortaya çıxıb. Mədəniyyət evinin yaxınlığında böyük bir ərazinin zəbt edilərək obyekt tikintisinə başlanılması fonunda, illərlə həmin əraziyə kölgə verən nəhəng çinar ağacının bu gün acınacaqlı vəziyyətə salınması ciddi suallar doğurur.
Bir zamanlar yaz və yay aylarında yaşıllığı ilə seçilən, budaqları göylərə uzanan çinar ağacı indi demək olar ki, “ölü vəziyyətə” salınıb. Fotodan da açıq görünür ki, ağacın qolu-qanadı amansız şəkildə kəsilib, gövdəsi isə tam qurumuş vəziyyətə düşüb. Sakinlər isə iddia edir ki, ağac təbii şəkildə yox, məhz tikinti işlərinə mane olduğu üçün qəsdən qurudulub.
Məsələ ilə bağlı Telexeber.az tərəfindən 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə sorğu ünvanlanıb. Qurum əməkdaşı ilkin açıqlamasında hadisə yerində baxış keçirildiyini, ağacdan analiz götürüləcəyini və ağacın təbii quruyub-qurumadığının araşdırılacağını bildirib.
Lakin diqqət çəkən məqam odur ki, açıqlamada ağacın budaqlarının kəsilməsi, demək olar ki, “şikəst hala” salınması barədə heç bir fikir səsləndirilməyib.
İctimaiyyət isə haqlı olaraq soruşur:
Bir ağacın illərlə böyüməsi üçün onilliklər lazımdırsa, onu bu hala salmaq üçün kimə və niyə cəmi bir neçə gün kifayət edib?
Tikinti aparan şəxslərə bu ərazidə hansı əsasla icazə verilib? Ağacın məhz tikinti prosesindən sonra bu vəziyyətə düşməsi təsadüfdürmü? Yoxsa Bakıda yenə “əvvəl qurudub, sonra kəsərlər” üsulu işə salınıb?
Fotoda görünən mənzərə sadəcə bir ağacın yox olması deyil. Bu, şəhərin nəfəsinin kəsilməsi, yaşıllığın beton altında boğulması deməkdir.
Aidiyyəti qurumların məsələyə dərhal hüquqi qiymət verməsi və ağacın hansı səbəbdən bu vəziyyətə düşməsinin ictimaiyyətə açıqlanması vacibdir. Əks halda Binəqədidə daha bir yaşıllıq “tikinti qurbanı” kimi tarixə düşəcək.
Telexeber.az