Yenikənd ərazisində ağır tonnajlı, qoşqulu yük maşınlarının hərəkəti kənd yollarını bərbad vəziyyətə salıb. Məsələ ilə bağlı kənd sakinləri narahatlıqlarını ifadə edərək vəziyyəti video lentə alıb sosial şəbəkələrdə yayıblar. Fakt görüntülər daha sonra Telexeber.az-ın “YouTube” səhifəsində də paylaşılıb.
Kadrlardan da aydın görünür ki, kənd yolları ciddi şəkildə dağılıb, xüsusilə kiçik həcmli avtomobillərin hərəkəti demək olar mümkünsüz vəziyyətə düşüb. Sakinlərin sözlərinə görə, gün ərzində ərazidən fasiləsiz şəkildə keçən ağır tonnajlı maşınlar yol infrastrukturunu yararsız hala gətirib.
Videolarda diqqət çəkən digər məqam isə təbiətə müdaxilə ilə bağlı görüntülərdir. Belə ki, çay yataqlarından və müxtəlif ərazilərdən qum, çınqıl, torpaq və digər materialların daşındığı açıq şəkildə müşahidə olunur. Sosial şəbəkə istifadəçiləri bunun təbiətin talanı olduğunu bildirərək aidiyyəti qurumların məsələyə niyə reaksiya vermədiyini sual edirlər.
İddialara görə, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi uzun müddətdir gündəmə gətirilən bu problemlə bağlı effektiv addım atmır. Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarından müxtəlif tikinti materiallarının daşınması nəticəsində çay yataqlarının və təbii landşaftın zərər gördüyü bildirilir.
Telexeber.az olaraq məsələni daha əvvəl də video faktlarla işıqlandırmışıq. Lakin sakinlər hesab edir ki, problemə cavabdeh qurumlar hələ də susqun mövqe nümayiş etdirirlər.
Yayımlanan videoların şərh bölməsində bəzi sosial şəbəkə istifadəçiləri Ceyhun Əliyev barədə də fikirlər səsləndirərək kənd ərazisində baş verənlərə nəzarətin zəif olduğunu iddia edirlər.
Telexeber.az olaraq Ceyhun Əliyev ilə əlaqə saxlayaraq yayımlanan görüntülərlə bağlı münasibət öyrənməyə çalışdıq. Bildirilir ki, nümayəndə xəbərlə və videogörüntülərlə tanış olub. Lakin verilən cavab sakinlərin narahatlığını azaltmaq əvəzinə daha çox suallar yaradıb.
“Burda nə var ki? Yoldur, təmizlənib. Videonu biz də görmüşük...” şəklində verilən münasibət kənd sakinləri tərəfindən ciddi narazılıqla qarşılanır. Çünki kadrlarda kənd yollarının yararsız hala düşdüyü, kiçik avtomobillərin hərəkətdə çətinlik çəkdiyi və təbiətə müdaxilə görüntülərinin yer aldığı açıq görünür.
Ən diqqət çəkən məqam isə budur ki, problemlər yalnız sosial şəbəkələrdə yayıldıqdan, sakinlər videogörüntüləri ictimailəşdirdikdən sonra aidiyyəti qurumlarda müəyyən hərəkətlilik hiss olunur. Əks halda isə, sakinlərin iddiasına görə, nə əraziyə baxış keçirilir, nə də problemlə maraqlanan tapılır.
Məsələ diqqətimizdədir, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin mövqeyi bizim üçün önəmlidir.