
Şuşada keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci Görüşündə Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev çıxış edərək təşkilatın dini-humanitar əməkdaşlığının əsas istiqamətlərindən və müasir çağırışlardan bəhs edib.
Telexeber.az xəbər verir ki, Baş katib bildirib ki, Şura artıq bir sıra mühüm mövzuları əhatə edən bəyannamələr qəbul edib. Bunlar arasında “İslamın ekstremizmə münasibəti”, “İslam yerli xalqların ənənələrindən istifadə edir”, “İslamda ümmətin birliyi” və “İqlim dəyişikliyi ilə mübarizə, ətraf mühitin mühafizəsi və ekoloji məsələlərin həllinə çağırış” sənədləri yer alır.
Onun sözlərinə görə, Bakıda keçiriləcək növbəti iclasda “İslamda evliliyin təşviqi: gecikmiş evliliyin səbəbləri və evliliyə maneələr” və “İslamın elm və texnologiyaya yanaşması” mövzularında daha iki bəyannamənin müzakirəyə çıxarılması gözlənilir.
Kubanıçbek Ömüralıyev vurğulayıb ki, bu təşəbbüslər Şuranın cəmiyyətlərin üzləşdiyi müasir problemlərin həllinə artan intellektual töhfəsini nümayiş etdirir.
Baş katib həmçinin Türk Dünyasının ən böyük üstünlüklərindən birinin onun gənc və dinamik əhalisi olduğunu diqqətə çatdırıb:
“Üzv dövlətlərimizin əhalisinin 40 faizindən çoxunu gənclər təşkil edir. Bu demoqrafik üstünlük böyük imkanlar yaratmaqla yanaşı, üzərimizə mühüm məsuliyyətlər də qoyur. Gənc nəsillərimizin yalnız bilik və peşəkar bacarıqlarla deyil, həm də güclü etik prinsiplər, tənqidi düşüncə qabiliyyəti və ortaq dəyərlər əsasında yetişməsini təmin etməliyik”.
Baş katib qeyd edib ki, qurumlar arasında daha geniş əməkdaşlıq, təhsil təşəbbüslərinin dəstəklənməsi, dinşünaslıq sahəsində akademik mübadilələrin və elmi əməkdaşlığın inkişafı biliyə, mülayimliyə və qarşılıqlı hörmətə əsaslanan din anlayışının təşviqinə töhfə verə bilər.
Kubanıçbek Ömüralıyev, həmçinin Türk Dünyasının zəngin intellektual və mənəvi irsə malik olduğunu vurğulayaraq, bu torpaqlardan yetişmiş alimlərin, ilahiyyatçıların və mütəfəkkirlərin dünya sivilizasiyasına əvəzsiz töhfələr verdiyini bildirib. Onun sözlərinə görə, biliyi, ədaləti, şəfqəti, tolerantlığı və dinc birgəyaşayışı təşviq edən bu zəngin irsin qorunması, öyrənilməsi və gələcək nəsillərə ötürülməsi Türk Dünyasının ortaq vəzifələrindən biridir.