
“Əgər 2000-ci illərin əvvəllərində ölkəmizdə təxminən 700 dini birlik fəaliyyət göstərirdisə, bu gün onların sayı 4 mini ötüb. Hazırda 18 konfessiya və 120-dən çox etnik qrup Qazaxıstanda sülh və harmoniya şəraitində yaşayır”.
Telexeber.az xəbər verir ki, bu fikirləri Şuşada Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin birinci görüşü çərçivəsində çıxış edən Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya nazirinin müavini Rüstəm Əli bildirib. Nazir müavini ölkəsində dinlərarası harmoniya və tolerantlığın qorunması istiqamətində həyata keçirilən siyasət barədə məlumat verib.
Rüstəm Əli bildirib ki, Qazaxıstan müstəqilliyinin ilk illərindən etibarən dini müxtəlifliyin və etnik rəngarəngliyin sülh şəraitində birgə yaşamasını dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirib.
Nazir müavini qeyd edib ki, dinlərarası harmoniyanın möhkəmləndirilməsi üçün ölkədə müxtəlif daimi platformalar fəaliyyət göstərir:
“Yerli və respublika səviyyələrində dinlərarası harmoniyanın qorunması və möhkəmləndirilməsi üçün fikir mübadiləsi aparmağa, problemli məsələləri və onların həlli yollarını müzakirə etməyə imkan verən çoxsaylı daimi platformalarımız mövcuddur”.
Rüstəm Əli Qazaxıstanın dünyada tolerantlıq və açıq dialoq ideyalarının təşviqində fəal rol oynadığını vurğulayaraq Dünya və Ənənəvi Din Liderlərinin Qurultayının bu istiqamətdə xüsusi əhəmiyyət daşıdığını bildirib:
“Dünya və ənənəvi dinlərin liderlərinin qurultayı sayəsində Qazaxıstan dünyaya tolerantlıq və açıqlıq ideyalarına sadiqliyini nümayiş etdirir. Keçən il ruhani liderlərin, beynəlxalq təşkilat rəhbərlərinin, ekspertlərin və ictimai xadimlərin iştirakı ilə 8-ci qurultayı uğurla keçirdik”.
O, Azərbaycan nümayəndələrinin də qurultaylarda və Konqres Katibliyində fəal iştirak etdiyini qeyd edərək Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəyə təşəkkürünü ifadə edib:
“Hər bir ölkə kimi, Qazaxıstanın da daxili və xarici təhdidləri mövcuddur. Bir çox ölkələrdə din adı altında ondan şəxsi və eqoist məqsədlər üçün istifadə edən insanların olması sirr deyil".