Milli Məclisin deputatı “Azərittifaq”ın sədri, Bakı Biznes və Kooperasiya Universitetinin sahibi Eldar Quliyev çörəyin və benzinin bahalaşması barədə danışarkən bildirib ki, “Dövlətin xərcləri çoxdur, 15 qəpiklə heç kim kasıblamaz, dövlətin xərclərini ödəmək lazımdır”.
Deputatın bu çıxışı "toxun acdan xəbəri olmaz" misalının boş yerə yaranmadığından xəbər verir. Deputatın bu fikri cəmiyyətdə kəskin narazılıq yaradıb. Hər dəfə bahalaşma başlayarkən hansısa məmurların işinin öhdəsindən gələ bilməməsini, öz faydasını güdməsini dövlətin ayağına yazıb, xal toplamağa çalışmaq deputat əxlaqına sığışmır.
Deputat Milli Məclisə xalqın səsini eşitdirmək üçün seçilib, xalq isə bahalaşmadan narazıdır. Doğrudur, pandemiyadan keçmişik, müharibədən keçmişik, dövlətin xərcləri olub. Amma bütün bunlar baş verərkən xalq bir kənarda dayanıb baxmırdı, baş verən bütün ağır, əziyyətli olaylar xalqın çiyinlərində daşınıb. Aylardır əhali bahalaşmadan gileylənir, bir ildə 4 dəfə yanacaq qiymətlərində artım qeydə alınıb, söhbət gəzir ki, enerji qiymətlərində də yenidən yüksəliş olacaq. Söhbət çörəyin qədrini bilsə də, qiymətini bilməyən deputatın dediyi 15 qəpikdən getmir, real şəkildə kəskin bahalaşma var. Bu gün bir marketə 50 manatla girib 3-4 yüngülvari ərzaqla çıxa bilirsən, o da sənə bir neçə gün yetə ya yetməyə. Aylardır deyirik ki, marketlər hər həftə xırda xırda qiymət artımına gedib. Öncə gözümüzə görünmürdü, o qədər ağ elədilər ki, indi də gözümüz görmür. Çünki marketə getməyə üzümüz gəlmir, evdəki uşaqdan utanırıq. 15 qəpiklər toplanıb sərvət olub. Bizim yox, başqalrının sərvəti.
15 qəpik bir şey deyilsə, dövlət də qaldırmasın o 15 qəpiyi. 15 qəpik o qədər azdırsa hər gün qazancımızın üstünə 15 qəpik artırılsın. Dövlətin "qeydinə qalan" bu deputat dövləti dağıdanlardan, karvanı malı, sarbanı şalı ilə yeyənlərin neçəsini ifşa edib? Vətəndaş 15 qəpiyin üstünə 15 qəpik də qoyub 30 qəpiyə metro, yaxud avtobusa bilet əldə edir.
Gələn səyfəmizdə daha geniş müzakirə olunacaq,Telexeber.az-ı izləyin.