Oğurluq etmək istədiyi anda polis yaxaladı - VİDEO

Oğurluq etmək istədiyi anda polis yaxaladı - VİDEONovxanıda bağ evindən oğurluq edən şəxs hadisə yerindəcə mühafizə polisləri tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Telexeber.az-a verilən məlumata görə, DİN-in Baş Mühafizə İdarəsinin canlı qüvvə və texniki vasitələri ilə mühafizə olunan obyektlərin təhlükəsizliyi günün 24 saatı etibarlı şəkildə qorunur. Bunu sübut edən növbəti belə hadisə Abşeron rayonu ərazisində qeydə alınıb.

Belə ki, Novxanı qəsəbəsində yerləşən xüsusi texniki vasitələrlə qorunan bağ evlərindən birindən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. Abşeron Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən hadisəyə dərhal operativ reaksiya göstərilib.

Əraziyə gələn polislər bağ evinə baxış keçirən zaman bir nəfərin evin naqillərini oğurladığının şahidi olublar. Polisləri görən həmin şəxs evin hasarından tullanaraq qaçmaq istəyən zaman mühafizə polislərinin çevikliyi sayəsində saxlanılıb. Ərazi üzrə polis bölməsinə təhvil verilən saxlanılan şəxsin paytaxt sakini Ramin Rzayev olduğu müəyyən edilib. Araşdırma zamanı onun əvvəllər də dəfələrlə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunduğu müəyyən edilib. O, ifadəsində oğurluq etdiyi üçün mühafizə polisləri tərəfindən saxlanıldığını bildirib.

Qeyd edək ki, bağ evinin sahibi bir müddət əvvəl mənzilindən bəzi əşyaların oğurlandığını müşahidə edib. Bundan sonra o, mühafizə polisinin xüsusi texniki vasitələrinin köməkliyi evin 24 saat qorunması üçün Abşeron Rayon Mühafizə İdarəsi ilə müqavilə bağlayıb. Yalnız bundan sonra evdən silsilə oğurluqlar edən şəxsin saxlanılması mümkün olub.

Faktla bağlı araşdırmalar davam etdirilir. Bu şəxsin qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, habelə, Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.

Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi bir daha əhalini əmin edir ki, mühafizə polisinə etibar edən fiziki və hüquqi şəxslərə məxsus bütün mülkiyyət formalarının mühafizəsi etibarlı şəkildə yüksək peşəkarlıqla həyata keçirilir.
Популярный ролик