
Son illər ölkənin səhiyyə müəssisələrində həyata keçirilən yeniliklər bölgə xəstəxanalarında da öz müsbət nəticəsini göstərməkdədir. Bu uğurlu dəyişikliklərin bariz nümunələrindən biri də Şirvan Mərkəzi Xəstəxanasında müşahidə olunur. Xəstəxanaya rəhbərlik edən Pərviz Rüstəmbəyov qısa müddətdə həm kollektivin etimadını qazanıb, həm də vətəndaş məmnunluğunu ön plana çıxaran idarəçilik modeli formalaşdırmağı bacarıb.
Pərviz Rüstəmbəyovun rəhbər vəzifəsinə təyin olunmasından sonra xəstəxanada xidmətin keyfiyyət səviyyəsinin yüksəldiyi sakinlər və xəstə yaxınları tərəfindən də xüsusi vurğulanır. Tələbkar və məsuliyyətli rəhbər kimi tanınan direktor iş prosesinə ciddi nəzarət edir, tibbi xidmətin operativ və şəffaf şəkildə təşkilinə xüsusi önəm verir.
Ən diqqət çəkən məqamlardan biri isə onun kabinet rəhbəri yox, sahə rəhbəri kimi fəaliyyət göstərməsidir. Pərviz Rüstəmbəyov tez-tez şöbələrdə yoxlamalar aparır, palataları gəzir, xəstələrin vəziyyəti ilə maraqlanır, onların xidmətlə bağlı fikirlərini birbaşa dinləyir. “Xidmətdən razısınızmı?” sualını xəstələrə şəxsən ünvanlaması onun insan amilinə verdiyi dəyərin göstəricisi hesab olunur.
Kollektiv daxilində də direktorun idarəçilik üslubuna münasibət müsbətdir. Əməkdaşların əziyyətini qiymətləndirən, onların problemlərinə həssas yanaşan rəhbər kimi tanınan Pərviz Rüstəmbəyov tibb işçilərinin motivasiyasının artırılmasına da xüsusi diqqət ayırır. Məhz bu münasibətin nəticəsidir ki, xəstəxanada həm nizam-intizam, həm də xidmət mədəniyyəti əvvəlki illərlə müqayisədə daha da inkişaf edib.
Şirvan Mərkəzi Xəstəxanasında müşahidə olunan müsbət dəyişikliklər göstərir ki, düzgün idarəçilik, tələbkarlıq və vətəndaşa həssas münasibət istənilən sahədə uğurun əsas açarlarından biridir. Bu gün xəstəxanada formalaşan iş mühiti və xidmət keyfiyyəti Pərviz Rüstəmbəyovun rəhbər kimi məsuliyyətli fəaliyyətinin nəticəsi kimi qiymətləndirilir.
Telexeber.az olaraq inanırıq ki, insan sağlamlığını prioritet hesab edən belə rəhbərlərin fəaliyyəti cəmiyyət tərəfindən daim təqdir olunacaq.