
Biz Zəngəzur dəhlizinin potensialını ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndiririk. Ermənistan və İranla sərhədimizin qovuşuğuna qədər dəmir yolunun tikintisini demək olar başa çatdırırıq. Yəqin ki, bir ildən az müddətdə, bəlkə də gələn ilin yazında bu dəmir yolunun Azərbaycan hissəsi tikilmiş olacaq.
Telexeber.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşdə deyib.
"Zəngəzur dəhlizinin reallaşması mahiyyət etibarilə Şimal-Cənub dəhlizinin başqa istiqamətini açacaq. Təkcə hamının haqqında danışdığı bir istiqamətə - Rusiyadan Azərbaycan vasitəsilə İrana, Rəştə deyil, həm də Şərqi Zəngəzur və Zəngəzur bölgəsinin digər hissələrindən İrana, oradan da Türkiyəyə. Bu, yük axınının həcminin artırılması üçün böyük perspektivlər açır", - deyə dövlət başçısı qeyd edib.
Prezident qeyd edib ki, Ermənistan Zəngəzur dəhlizi ilə bağlı prosesi bundan sonra da bloklasa, onun nə vaxtsa tranzit ölkəyə çevrilmək şansı sıfra yaxınlaşır.
Dövlət başçısı deyib: “Təəssüf ki, son beş ildə Ermənistan tərəfində heç bir iş (Zəngəzur dəhlizi ilə bağlı – red.) aparılmayıb. Bu məsələ qəsdən gündəmdən çıxarılır. Belə olan halda, Ermənistanın nə vaxtsa tranzit ölkəyə çevrilmək şansı sıfra yaxınlaşır. Əgər onlar bu prosesi əngəlləməkdə davam etsələr, düşünürəm ki, nəinki bu gün düşdüyü nəqliyyat təcridində, həm də müəyyən dərəcədə siyasi təcrid vəziyyətində olacaqlar”.