Tərtər Rayon Mərkəzi Xəstəxanası ilə bağlı iddialar gündəmdə – qazinin paylaşdığı görüntülər müzakirə yaradır


Tərtər Rayon Mərkəzi Xəstəxanası ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər geniş müzakirələrə səbəb olub. İddialara görə, xəstəxana yeni təmir olunmasına baxmayaraq, hazırkı vəziyyəti sakinlərin və pasiyentlərin narazılığına yol açıb.

Məsələ qazilərdən biri – Elvin İsmayılzadənin müalicə aldığı müddətdə çəkdiyi video görüntülərdən sonra gündəmə gəlib. O, xəstəxanadakı şərait və xidmətlə bağlı narazılıqları videoya çəkərək “TikTok” platformasında paylaşıb. Görüntülərdə palataların vəziyyəti, bəzi texniki problemlər və ümumi xidmət səviyyəsi ilə bağlı iddialar yer alır.

Paylaşılan videonun şərh bölməsində də bir sıra istifadəçilər xəstəxanadakı vəziyyətdən narazılıqlarını ifadə ediblər. Bəzi rəylərdə istilik sisteminin işləmədiyi, pasiyentlərin isinmək üçün alternativ vasitələrdən istifadə etdiyi qeyd olunur.

İddialara əsasən, xəstəxananın direktoru Sərxan Cəlahani yayılan görüntülərdən narazı qalıb. Sosial şəbəkələrdə isə məsələ ilə bağlı müxtəlif fikirlər səsləndirilir və aidiyyəti qurumların araşdırma aparmasının vacibliyi vurğulanır.

Qeyd edək ki, TƏBİB-in yeni təyin olunmuş icraçı direktoru Anar Bayramov tərəfindən son dövrlər regionlarda səhiyyə müəssisələri ilə bağlı daxil olan şikayətlərə xüsusi diqqət ayrıldığı bildirilir. İctimaiyyət ümid edir ki, Tərtər Rayon Mərkəzi Xəstəxanası ilə bağlı yayılan görüntülər və səsləndirilən iddialar da araşdırılacaq.

Mövzu ilə bağlı videogörüntülər Telexeber.az-ın “YouTube” səhifəsində yayımlanıb. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Популярный ролик