BDU ilə Kembric Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanacaq

BDU ilə Kembric Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanacaqBakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Kembric Mərkəzi Asiya Forumunun direktoru Montu Saksena və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb.

Telexeber.az xəbər verir ki, görüş zamanı hər iki universitet arasında təhsil və elm sahələrində ikitərəfli əlaqələrə diqqət yetirilib.
BDU-nun rektoru ölkəmizdə son illər elm-təhsil-innovasiya istiqamətində görülən işlərdən, nailiyyətlərdən söz açıb.

Görüşdə təhsil-elm-tədqiqat-innovasiya mərkəzlərindən birinə çevrilməkdə olan BDU üçün Kembric Universiteti ilə əməkdaşlığın əhəmiyyətindən danışılıb. Qonaq öz növbəsində ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə yardım edəcəyini bildirib. Professor Montu Saksena Kembric Universitetinə daxil olan qurumların, xüsusilə də Kavendiş laboratoriyasının fəaliyyəti çərçivəsində müvafiq sahələrdə ikitərəfli əməkdaşlıqda maraqlı olduqlarını ifadə edib. İkitərəfli əməkdaşlığın qurulması və gücləndirilməsi istiqamətində qarşıda duran vəzifələr, real perspektivlər müzakirə edilib. Sonda qısa müddət ərzində universitetlər arasında birgə fəaliyyət planının və ikitərəfli əməkdaşlıq müqaviləsinin hazırlanması razılaşdırılıb.

Sonra professor Montu Saksena BDU-nun professor-müəllim heyəti qarşısında "İnkişaf və innovasiyanın elmi aspektdən dəyərləndirilməsi” mövzusunda məruzə edib. Seminarı giriş sözü ilə açan BDU-nun rektorunun strateji inkişaf və əlaqələr üzrə müşaviri Əli Nağıyev təhsil-elm-innovasiya vəhdətində Azərbaycanın ali təhsil məkanı ilə bağlı aparılan keyfiyyət araşdırmasının nəticələrini qonaqlarin və seminar iştirakçılarının diqqətinə çatdırıb. BDU-da yaradılan Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin fəaliyyətinə diqqət çəkən Əli Nağıyev bildirib ki, BDU artıq tədqiqat universitetinə çevrilməkdədir. O, bu istiqamətdə beynəlxalq əməkdaşlığın və strategiyanın tələblərinə uyğun olaraq Universitet-sənaye-biznes əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinin önəmini vurğulayıb.

Kembric Universitetinin Mərkəzi Asiya Forumunun professoru Montu Saksena rəhbəri olduğu forum haqqında məlumat verib, onun üzvlərinin dünyada tanınmış elm adamları olduğunu diqqətə çatdırıb. Daha sonra Kembric Universitetinin Fizika fakültəsinin Kavendiş laboratoriyasının fəaliyyəti barədə danışaraq qeyd edib ki, burada yüksək enerjilər fizikası, astrofizika, bioloji və tibbi fizika, polimerlər və nanohissəciklər fizikası, optika və molekulyar fizika, maddə quruluşu, yarımkeçiricilər fizikası və nəzəri fizika sahələrində tədqiqatlar aparılır.

Montu Saksena qeyd edib ki, ölkəmizə səfərində məqsəd Azərbaycanın təhsil müəssisələrində tədqiqat işinin gücləndirilməsi istiqamətində Kembric Universitetində araşdırma və tələbə mübadiləsinin həyata keçirilməsi, həmçinin azərbaycanlı araşdırmaçıların Kembric Universitetinin Kavendiş laboratoriyasında tədqiqat aparmasına şərait yaradılması üçün fizika sahəsi üzrə ixtisaslaşmış təhsil müəssisələri ilə əməkdaşlıq perspektivlərinin müzakirəsidir.
Популярный ролик