Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən 298 saylı körpələr evi-uşaq bağçası ilə bağlı valideyn narazılıqları yenidən gündəmə gəlib.
Telexeber.az-a daxil olan müraciətlərdə valideynlər bağçada qidalanma, əlavə vəsait toplanması və uşaqlar üçün nəzərdə tutulan ərzaq məhsullarının istifadəsi ilə bağlı ciddi sualların yarandığını bildirirlər.
Şikayətçilərin sözlərinə görə, dövlət tərəfindən maliyyələşdirilən müəssisədə bəzi valideynlərdən müxtəlif ərzaq məhsulları və pul vəsaiti tələb olunur. İddialara əsasən, bu tələblərlə razılaşmayan valideynlər müəyyən narazılıqlarla üzləşirlər.
Valideynlər onu da qeyd edirlər ki, bağçada təhsil alan uşaqların qidalanması üçün dövlət tərəfindən lazımi təminat ayrılmasına baxmayaraq, əlavə məhsulların gətirilməsinin tələb olunması suallar doğurur. Onlar aidiyyəti qurumların məsələni araşdırmasını və iddialara aydınlıq gətirməsini istəyirlər.
Bu, sözügedən bağça ilə bağlı ilk narazılıq deyil. Daha əvvəl də valideynlər müəssisədə istilik sisteminin işləməməsi və uşaqlar üçün yaradılan şəraitlə bağlı problemlər olduğunu bildirmişdilər.
Valideynlər hesab edirlər ki, məktəbəqədər təhsil müəssisəsində baş verənlərlə bağlı məsul qurumlar tərəfindən geniş araşdırma aparılmalı, səsləndirilən iddialara hüquqi qiymət verilməlidir.
Telexeber.az olaraq bildiririk ki, yazıda yer alan məlumatlar valideyn müraciətlərinə əsaslanır. Mövzu ilə bağlı 298 saylı körpələr evi-uşaq bağçasının rəhbərliyinin və aidiyyəti dövlət qurumlarının mövqeyini dərc etməyə hazırıq.
Qeyd: Mövzu ilə bağlı videomaterial Telexeber.az-ın YouTube səhifəsində yayımlanıb.