Quba rayonunun ərazisindən keçən Vəlvələçay ətrafında yayılan görüntülər cəmiyyətdə ciddi rezonans doğurub. Telexeber.az-ın YouTube səhifəsində yayımlanan videoda çay sahilində ağır texnikaların işlədiyi, qum-çınqıl materiallarının toplandığı görünür. Görüntülərdən sonra isə ən çox səslənən sual budur: Azərbaycanın təbii sərvətləri üzərində nə baş verir?
Təbiəti qorumaqla vəzifələndirilmiş qurumların mövcud olduğu bir şəraitdə belə görüntülərin ortaya çıxması düşündürücüdür. Vətəndaşlar haqlı olaraq soruşurlar: Vəlvələçayın sahillərində aparılan fəaliyyətlərə kim nəzarət edir? Bu işlər hansı əsaslarla həyata keçirilir? Dövlətin sərvətləri üzərində baş verənlərdən aidiyyəti qurumların xəbəri varmı?
Müzakirələrin mərkəzində isə 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin fəaliyyəti dayanır. Çünki məhz bu qurum regionda ekoloji nəzarətin həyata keçirilməsinə cavabdehdir. Ortada bu qədər görüntü və sual olduğu halda ictimaiyyət hələ də aydın və qaneedici izahat eşitmir.
Əgər hər şey qanun çərçivəsində aparılırsa, niyə ictimaiyyətə açıq məlumat verilmir? Əgər qanun pozuntusu yoxdur, niyə yaranmış narahatlıq aradan qaldırılmır? Əgər problem yoxdursa, niyə insanlar Vəlvələçayın taleyi ilə bağlı narahatdır?
Ekoloji təhlükəsizlik dövlət siyasətinin əsas istiqamətlərindən biri elan olunduğu halda, Vəlvələçay ətrafında ortaya çıxan mənzərə həmin siyasətin yerli səviyyədə necə icra edildiyi barədə ciddi suallar yaradır. Çayın yatağında və sahillərində aparıldığı görünən fəaliyyətlərin ekoloji nəticələri barədə ictimaiyyət məlumatlandırılmalıdır.
Bu gün söhbət təkcə qum və çınqıldan getmir. Söhbət dövlətin təbii sərvətlərinə münasibətdən, ekoloji nəzarətin effektivliyindən və ictimai etimaddan gedir. Vəlvələçay ətrafında yayılan görüntülər araşdırılmalı, bütün suallara rəsmi cavab verilməli və əgər qanun pozuntuları aşkarlanarsa, məsul şəxslər barədə qanun çərçivəsində tədbirlər görülməlidir.
Əks halda, ictimaiyyətin gözündə belə bir təsəvvür formalaşır ki, təbiətin taleyi ilə bağlı narahatlıqlar artır, amma cavabdeh qurumlar susmağa üstünlük verirlər.