Binəqədidə təhlükə saçan ağaclar: Yüksək gərginlikli xətlərə toxunan budaqları kim budayacaq? Faciə baş verəndən sonra hərəkətə keçəcəklər?

Binəqədi rayonu, Mədən 3-cü korpus 108 ünvanında yaranmış təhlükəli vəziyyət sakinlərin haqlı narahatlığına səbəb olub. Telexeber.az-ın əməkdaşları ərazidə çəkiliş aparıb, sakinlərlə söhbət edib və faktları videoya alaraq portalın YouTube səhifəsində yayımlayıb.

Sakinlərin sözlərinə görə, bir ildən artıqdır ki, ərazidəki iri gövdəli, budarlanmayan ağacların budaqları yüksək gərginlikli elektrik xətlərinə toxunur. Xüsusilə yağışlı və küləkli havalarda vəziyyət daha da təhlükəli xarakter alır. Elektrik xətlərinə təmas edən budaqlar qısaqapanma, yanğın, elektrik enerjisinin kəsilməsi və ən əsası insan həyatı üçün ciddi risk yaradır.

Məsələnin ən düşündürücü tərəfi isə odur ki, sakinlər dəfələrlə aidiyyəti qurumlara müraciət etdiklərini bildirsələr də, bu günə qədər real tədbir görülməyib. Görəsən, Binəqədi Yaşıllaşdırma İdarəsi niyə təhlükə yaradan ağacların budanmasına maraq göstərmir?

Bu qurum dövlət büdcəsi hesabına fəaliyyət göstərir. İstifadə olunan yanacaq dövlət tərəfindən qarşılanır, texnika və işçi qüvvəsi dövlət vəsaiti ilə maliyyələşdirilir. Belə olan halda sadə vəzifə öhdəliyi olan ağacların vaxtında budanması niyə yerinə yetirilmir? Sakinlərin təhlükəsizliyini təmin etmək bu qədərmi çətindir?

Əgər təhlükə aylardır mövcuddursa və qurum bu barədə məlumatlıdırsa, hərəkətsizliyin səbəbi nədir? Aidiyyəti şəxslər gözləyirlər ki, əvvəlcə güclü külək ağacı elektrik xəttinin üzərinə aşırtsın, kiminsə həyatı təhlükəyə düşsün, yanğın baş versin və ya faciə yaşansın, yalnız bundan sonra tədbir görülsün?

Unutmaq olmaz ki, profilaktik tədbirlərin vaxtında görülməsi həm dövlət əmlakını, həm də vətəndaşların həyatını qoruyur. Təhlükə əvvəlcədən məlum olduğu halda məsuliyyətsizlik göstərilməsi gələcəkdə baş verə biləcək hadisələrə görə hüquqi və mənəvi məsuliyyət məsələsini də gündəmə gətirə bilər.

Telexeber.az olaraq hesab edirik ki, bu problem təcili araşdırılmalı, əraziyə baxış keçirilməli, yüksək gərginlikli xətlərə toxunan ağaclar dərhal budanmalı və sakinlərin təhlükəsizliyi təmin edilməlidir.

Ümid edirik ki, Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi Yaşıllaşdırma İdarəsi, eləcə də elektrik şəbəkəsinə cavabdeh qurumlar yayımlanan videofaktlara biganə qalmayacaq və problemi faciə baş vermədən aradan qaldıracaqlar.

Telexeber.az məsələni diqqətdə saxlayacaq və aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırdır.
Популярный ролик