Yeni Klinikada uşaqlar üçün ürək əməliyyatlarının əlçatanlığı artırılır

"Yeni Klinikada fəaliyyətə başlayan Tibbi Tədris-Simulyasiya Mərkəzində həkimlərin və orta tibb işçilərinin peşəkar bacarıqlarının artırılması məqsədilə müasir standartlara uyğun təlimlər keçiriləcək. Mərkəzdə həm klinik personalın hazırlanması, həm də gələcəkdə universitetlər və digər tibb müəssisələri ilə əməkdaşlıq çərçivəsində tədris proqramlarının təşkili planlaşdırılır".

Telexeber.az xəbər verir ki, bu barədə Yeni Klinikanın direktoru Zəhra Vəzirova jurnalistlərə açıqlamasında deyib:
"Hazırda Yeni Klinikada ambulator xidmətlərdən başlayaraq neyrocərrahiyyə, transplantologiya, kardiocərrahiyyə və digər ixtisaslar üzrə geniş tibbi xidmətlər göstərilir. Prioritet istiqamətlərdən biri də uşaq kardiocərrahiyyəsinin inkişafıdır. Bu sahədə əməliyyatların sayı artırılır və təkcə cari həftə ərzində üç əməliyyat icra olunub. Gələcəkdə bu göstəricinin daha da yüksəldilməsi planlaşdırılır."

Direktorun sözlərinə görə, Simulyasiya Mərkəzində təlimlərin müddəti proqramdan asılı olaraq dəyişəcək:

"Reanimasiya üzrə baza təlimi beynəlxalq standartlara uyğun olaraq təxminən üç saat davam edəcək. Daha ixtisaslaşmış proqramlar, o cümlədən neonatal və digər sahələr üzrə simulyasiya təlimləri isə iki günlük formatda təşkil olunacaq. Mərkəzdə kommunikasiya bacarıqlarının inkişafına yönəlmiş xüsusi təlimlər də keçiriləcək. Bu proqramların müddəti təxminən üç saat olacaq. Bu vaxt çərçivəsi təlimlərin effektivliyini təmin etmək üçün optimal hesab olunur".

Direktor əlavə edib ki, gələcəkdə ali təhsil müəssisələri, xüsusilə Azərbaycan Tibb Universiteti ilə əməkdaşlıq imkanları da nəzərdən keçirilir. Lakin bu istiqamətdə hələ yekun qərar qəbul edilməyib.

O, təlimlərin maliyyələşdirilməsi ilə bağlı məsələyə də toxunub:

"İlkin mərhələdə əsas prioritet TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinin həkim və orta tibb personalının hazırlığı olacaq. Təlimlərin ödənişli olub-olmayacağı barədə yekun qərar isə hələ verilməyib".
Популярный ролик