
Binəqədi rayonunda baş verənlər artıq məntiq çərçivəsini aşmağa başlayır. Qanunsuz tikililərlə mübarizə adı altında vətəndaşlara edilən təzyiqlər ciddi suallar doğurur.
Söhbət Binəqədi qəsəbəsi, Mədən 3, korpus 108, ev 117 ünvanından gedir.
Redaksiyamıza daxil olan FOTOFAKT vəziyyətin əsl mahiyyətini açıq şəkildə ortaya qoyur. Şəkildən də göründüyü kimi, sözügedən mini obyekt:
illər əvvəl tikilib
hazır vəziyyətdədir
heç bir tikinti prosesi getmir
istifadə olunmadığı açıq-aşkar görünür
Buna baxmayaraq, iddialara görə, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları vətəndaşı davamlı şəkildə narahat edir.
Bildirilir ki, “Sahil” adlı məsul şəxsin göstərişi ilə polis əməkdaşı Aqil dəfələrlə ünvana gələrək vətəndaşı israrla idarəyə aparmağa çalışır. Halbuki vətəndaş artıq polis qəbulunda olub və məsələ baxılması üçün qəsəbə nümayəndəliyinə yönləndirilib.
Bəs sual yaranır:
Əgər ortada yeni tikinti yoxdursa, proses aidiyyəti quruma göndərilibsə, vətəndaş niyə yenidən polis idarəsinə çağırılır?
Fotodan da aydın görünür ki, bu obyekt nə bu gün tikilib, nə də indi genişləndirilir. Sadəcə bir vətəndaşın illər əvvəl qurduğu və istifadə etmədiyi kiçik bir obyekt var.
Bu halda polis nəyi “nəzarətdə saxlayır”?
Qanunsuz tikintini, yoxsa vətəndaşın səbrini?
Məlumata görə, artıq vətəndaş bu təzyiqlərdən bezərək obyektlə bağlı planlarından imtina etməyi düşünür.
Belə görünür ki, Binəqədidə bəzi hallarda problem tikintidə yox, yanaşmadadır...