Binəqədi rayonu ərazisində yerləşən qəsəbə qəbiristanlığında yaranmış vəziyyət sakinlərin ciddi narazılığına səbəb olub. Telexeber.az-a təqdim olunan videogörüntülər və daxil olan məlumatlar qəbiristanlığın uzun müddətdir baxımsız vəziyyətdə qaldığını göstərir.
Ərazi kol-kosa və hündür otlarla örtülüb. Bəzi hissələrdə otların insan boyunu keçdiyi bildirilir. Natəmizlik və nəzarətsizlik səbəbindən qəbiristanlıqda ilan, müxtəlif zərərvericilər və sahibsiz heyvanların artdığı qeyd olunur. Sakinlərin sözlərinə görə, bəzi yerlərə yaxınlaşmaq belə çətinləşib.
Ən ciddi narahatlıq doğuran məqamlardan biri isə qəbir yerlərinin satılması ilə bağlı səsləndirilən iddialardır. Sakinlər bildirirlər ki, bu sahədə şəffaflığın olmaması və nəzarətin zəifliyi cəmiyyətdə ciddi suallar yaradır. Onların fikrincə, insanların son mənzili olan belə bir məkanda qanunsuzluq və özbaşınalığa yol verilməməlidir.
Baxımsızlıq səbəbindən bəzi şəxslərin əraziyə məişət tullantıları atdığı da bildirilir. Qəbiristanlığın müəyyən hissələrində yaranan antisanitar vəziyyət sakinlərin haqlı narazılığına səbəb olub.
Telexeber.az-a təqdim olunan videogörüntülərdə qəbiristanlığın real vəziyyəti açıq şəkildə əks olunub. Kadrlarda ərazinin ot basdığı, baxımsız qaldığı və natəmizlik problemi aydın görünür.
Sakinlər aidiyyəti qurumlardan qəbiristanlıq ərazisində təxirəsalınmaz təmizlik və abadlıq işlərinin aparılmasını, həmçinin səsləndirilən iddiaların ciddi şəkildə araşdırılmasını tələb edirlər.